“Cümhuriyyətdən müstəqilliyə gedən yol”

24 may 2018-ci il tarixində “Atəşgah məbədi” Dövlət tarix memarlıq qoruğunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 iliyinə həsr olunmuş “Cümhuriyyətdən müstəqilliyə gedən yol” adlı tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin , Suraxanı rayonu İcra Hakimiyyətinin , tarix-mədəniyyət qoruqlarının rəhbərləri, bir çox idarə və təşkilatların nümayəndələri, eləcə də, xarici qonaqlar, yerli vətəndaşlar iştirak etmişdirlər. Tədbirdə Mədəniyyyətşünaslıq üzrə elmi-metodiki mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, Tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov, Tarix elmlər doktoru, BDU-nin professoru Nuru Məmmədov, ADMİU-nin professoru, fəlsəfə üzrə elmlər doktoru Mübariz Süleymanli, Tarix elmlər doktoru, professor, BDU-nin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kaferasının müdiri Qüdrət İsmayılzadə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolunu qeyd etmişdirlər.

Qeyd olundu ki, XX əsrin əvvəllərindən etibarən Azərbaycanda ictimai-siyasi vəziyyət olduqca gərgin idi. Xalqın iradəsini qırmaq, illərlə aparılan azadlıq, müstəqillik mübarizəsini sarsıtmaq məqsədilə mənfur erməni millətçi ekstremislərinin silahlandırılaraq ölkənin müxtəlif şəhər və qəsəbələrində dinc, əliyalın əhaliyə qarşı qətliamlar törədilməsi ilə imperiya hələ də öz çirkin niyyətlərindən əl çəkmədiyini göstərməyə çalışırdı. Çarizm öz çirkin məqsədlərini və qəddar siyasətini həyata keçirmək üçün Azərbaycan ərazisində XX əsrin əvvəllərində bir tərəfdən köçürülmə siyasəti tətbiq edir, ruslaşdırma və xristianlaşdırma siyasəti yeridir, digər tərəfdən qanlı erməni-müsəlman qırğınları təşkil edirdi. Bir sözlə, çar Rusiyasının milli-müstəmləkəçilik siyasətinin ən dəhşətli sınaq meydanına çevrilən Azərbaycan dözülməz ağrılara və dəhşətli qırğınlara sinə gərir və müstəqillik uğrunda mübarizəni davam etdirirdi. Xüsusilə, XX əsrin əvvəllərində türkləşmək, islamlaşmaq və çağdaşlaşmaq ideyalarının genişlənməsi və beləliklə, milli azadlıq hərəkatının güclənməsi Azərbaycan xalqının milli oyanış və milli özünüdərk şüurunu xeyli artırdı.

1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclası keçirilirdi. Gürcü nümayəndələri Seymdən çıxıb Gürcüstanın müstəqilliyini elan etdilər. Mayın 27-də isə Seymin müsəlman fraksiyası yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq, yekdilliklə Azərbaycanın idarə olunması vəzifəsini öz öhdəsinə götürməyi qərara aldı və özünü Azərbaycan Müvəqqəti Milli Şurası elan etdi.

Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-dəki iclasında Azərbaycanın “İstiqlal bəyannaməsi” qəbul olundu. Milli Şuranın 24 səslə qəbul etdiyi qərar və 6 bənddən ibarət “İstiqlal bəyannaməsi”, yaxud “Misaği-milli” Azərbaycan dövlətinin varlığını bütün dünyaya bəyan etdi. “İstiqlal bəyannaməsi” ilə həyata vəsiqə alan Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşməklə yanaşı, Azərbaycan xalqının qədim

dövlətçilik ənənələrini bərpa etdi, insan hüquq və azadlıqlarının təmin edilməsinə, irqi, milli, dini, sinfi və digər sosial bərabərsizliklərin ləğvinə, əsaslı şərait yaratdı.

Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi haqqında dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi.

Xarici müdaxilə nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyətdən sonra süqut etdi.

1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu. Aprel işğalı nəticəsində Azərbaycanda qurulan bolşevik rejiminin ömrü 70 ildən də çox çəkdi. Lakin xalqın qəlbində yaşayan Azərbaycanın istiqlaliyyəti atəşini söndürməyə müvəffəq olmadı. Xalq özünün istiqlal arzularını nəsildən-nəsilə ötürdü. Nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi, indiki Azərbaycan Respublikasının 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu ümumxalq iradəsi ilə təsdiqlədiyi vurğulandı.

Tədbirdə yerli mütəxəssislərlə yanaşı Qazaxstan Respublikasının tarix elmləri doktoru Ayman Dosumbayeva, tarix elmləri doktoru Mixail Vladimoviç Benderev çıxış etmişdirlər.

Rəsmi hissə bitdikdən sonra tədbir bədii hissə ilə davam etmişdir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Doktorantı Rüfət Piriyev, Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, gənclərə dəstək layihəsinin üzvü Kamran Rzayev, Bülbül adına orta ixtisas məktəbinin şagirdi Rəşid Bəylərlinin ifaları səsləndirilmiş və VL Studiyasının rəqqaslarının hazırladığı rəqslər nümayiş etdirilmişdir. Tədbirin sonunda rəsmi və bədii hissənin iştirakçıları fəxri diplomlarla təltif olunmuşdur.

Geri

XƏBƏRLƏR

  • Amerika Azərbaycan Mədəniyyət Fondunun nümayəndələri Atəşgah məbədində olublar

    Ətraflı
  • "ATƏŞGAH MƏBƏDİ” DÖVLƏT TARİX-MEMARLIQ QORUĞUNA GİRİŞ ÖDƏNİŞSİZ OLACAQ

    Ətraflı
  • “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”

    Ətraflı
  • Beynəlxalq Muzey Gününə həsr olunmuş tədbir

    Ətraflı

Copyright © |