AZƏRBAYCAN RESPUBLİKASININ BAKI ŞƏHƏRİ SURAXANI RAYONUNDA ATƏŞGAH MƏBƏDİ ƏRAZİSİNİN “ATƏŞGAH MƏBƏDİ” DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU ELAN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
AZƏRBAYCAN RESPUBLİKASININ BAKI ŞƏHƏRİ SURAXANI RAYONUNDA ATƏŞGAH MƏBƏDİ ƏRAZİSİNİN “ATƏŞGAH MƏBƏDİ” DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU ELAN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Qədim əsrlərdən bəri Azərbaycanda yanan təbii əbədi odlar insanların dini etiqadlarına güclü təsir göstərmiş və oda sitayiş etmək inancı yaratmışdır. İnsanların məbəd kimi qəbul etdiyi yerlərdən biri də Bakı şəhəri Suraxanı rayonunda indiki Atəşgah məbədinin ərazisi olmuşdur. XVll-XVlll əsrlərdə qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində inşa edilmiş bu məbəd 26 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir. Hazırda Atəşgah məbədi “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyinin filialı kimi fəaliyyət göstərir, lakin onun özünəməxsusluğu, unikallığı və YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsi “Atəşgah məbədi” abidəsinin müstəqil fəaliyyəti və mühafizəsinə zərurət yaradır.
Adı çəkilən tarix və mədəniyyət abidəsinin qorunub saxlanılmasını və mühafizəsini günün tələbləri səviyyəsində təmin etmək, eləcə də burada turizmin inkişaf etdirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Bakı şəhəri Suraxanı rayonunda yerləşən Atəşgah məbədinin ərazisi Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu elan edilsin.
2. Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilsin.
3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üç ay müddətində:
3.1. Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamə layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3.2. Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun qorunub saxlanılması, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclərin Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş mərkəzləşdirilmiş xərclər hesabına həyata keçirilməsini təmin etsin.
5. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üç ay müddətində Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun mühafizə zonalarını əks etdirməklə sərhədləri barədə təkliflərini təsdiq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
6. Bakı Şəhər İcra Hakimiyyəti:
6.1. qoruğun ətrafyanı sahələrinin abadlaşdırılmasını təmin etsin;
6.2. üç ay müddətində Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun inzibati bina ilə təmin olunması üçün zəruri tədbirləri həyata keçirsin;
6.3. aidiyyəti orqanlarla birlikdə qeyd edilən qoruğun məqsədlərinə uyğun olmayan qanunsuz tikinti və təsərrüfat işlərinin qarşısının alınması üçün qanunvericiliyə uyğun təxirəsalınmaz tədbirlər görsün.
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası ilə bağlı maliyyə vəsaitinin ayrılmasını təmin etsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
8. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.